Almaniya Kansleri Fridrix Merts Avropa təhlükəsizliyinin gücləndirilməsi, Almaniyanın müdafiə xərclərinin artırılması və Ukraynaya maliyyə yardımının davam etdirilməsinin zəruriliyini bəyan edib.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, o, bu barədə Bundestaqda 2027-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı bildirib.
Kanslerin sözlərinə görə, Rusiya Baltikyanı regionda, Polşada, Qara dənizdə, kosmosda və elə Almaniyanın özündə eskalasiyaya gedir.
"Rusiya nə istədiyini dəqiq bilir. Rusiya Ukraynadan daha çoxunu istəyir", - F.Merts bildirib.
Daha əvvəl Rusiya rəsmiləri dəfələrlə Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) ölkələri ilə hərbi qarşıdurmaya can atmadıqlarını bildiriblər.
Merts bildirib ki, Almaniya Ukraynaya yardım göstərməklə həm də öz təhlükəsizliyini gücləndirir, mülki və müdafiə texnologiyalarında Ukrayna təcrübəsini mənimsəyir.
Eyni zamanda "Almaniya üçün Alternativ" və "Solçular" müxalifət partiyaları Kiyevə hərbi yardımı dayandırmağa çağırıblar.
Büdcə layihəsi Almaniyanın müdafiə xərclərinin 2030-cu ilə qədər iki dəfədən çox artırılaraq ÜDM-in 3,7 %-nə çatdırılmasını nəzərdə tutur.
Kansler həmçinin Avropa İttifaqının (Aİ) 2028-2034-cü illər üçün büdcəsində xərcləri məhdudlaşdırmağa və maliyyələşməni təhlükəsizlik və rəqabətqabiliyyətlilik üzərində cəmləşdirməyə çağırıb. Aİ liderləri büdcə təkliflərini 26-27 noyabr tarixlərində keçiriləcək növbədənkənar sammitdə müzakirə edəcəklər.