Qırğızıstan Prezidenti Sadır Japarov 16 ölkənin, o cümlədən ABŞ, Böyük Britaniya və Argentina səfirlərinin etimadnamələrini qəbul edib.
"Report" xəbər verir ki, bu barədə Qırğızıstan mediası məlumat yayıb.
S.Japarov Qırğızıstanın qarşılıqlı hörmətə və tərəflərin maraqlarının nəzərə alınmasına əsaslanan çoxvektorlu və balanslaşdırılmış xarici siyasət yürütdüyünü qeyd edib. O, ölkəsinin 2027-2028-ci illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinin əhəmiyyətini və beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verməyə hazır olduğunu vurğulayıb.
O, diplomatları 2027-ci il oktyabrın 21-23-də keçiriləcək "Bişkek+25" İkinci Qlobal Dağ Sammitində iştirak etməyə, xarici dövlətlərin nümayəndələrini isə 2027-ci il yanvarın 27-də Qırğızıstanda keçiriləcək prezident seçkilərini müşahidə etməyə dəvət edib.
Japarov investisiyaların cəlb edilməsini və strateji layihələrin həyata keçirilməsini, o cümlədən "Qambar-Ata" SES-1-in, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisini, CASA-1000 enerji dəhlizi, rəqəmsal infrastruktur, kənd təsərrüfatı və turizmin inkişafını beynəlxalq əməkdaşlığın prioritetləri adlandırıb.
Böyük Britaniya səfiri Visente Solera Dyukar Londonun təmiz enerji sahəsində əməkdaşlıqda maraqlı olduğunu bildirərək, "Qambar-Ata" SES-1-in tikintisi layihəsini qeyd edib.
ABŞ səfiri Stiven Qillen Vaşinqtonun Qırğızıstanla müxtəlif sahələrdə tərəfdaşlığı gücləndirməkdə maraqlı olduğunu deyib. O, həmçinin respublikanın iqtisadiyyatda və beynəlxalq arenada əldə etdiyi nailiyyətləri qeyd edərək, ABŞ-nin dövlətin kursunu dəstəkləməyə hazır olduğunu bildirib.
S.Japarov Qırğızıstan ilə Britaniya arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyi münasibətilə Kral III Çarlzı və Baş nazir Endi Börnhemi 2027-ci ildə Bişkekə rəsmi səfərə dəvət edib.