Aİ Rusiya aktivlərini ən azı 35 il ərzində blokdan çıxarmağı planlaşdırmır

Avropa Komissiyası təxminən 210 milyard avro dəyərində Rusiya aktivlərini ən azı 35 il ərzində blokdan çıxarmağı planlaşdırmır.

"Report"un Rusiya mediasına istinadən verdiyi məlumata görə, bunu Avropa Komissiyasının nümayəndəsi Balaş Uyvari bildirib.

Onun sözlərinə görə, Aİ və G7 ölkələrinin 2024-cü ildə qəbul etdiyi ERA proqramı çərçivəsində Ukraynaya verilən 45 milyard avro məbləğində əsas kredit və onun faizləri Rusiya aktivlərinin yenidən investisiyasından əldə olunan gəlirlər hesabına ödənilməlidir. Kreditlərin qaytarılma müddəti 2042-ci ilə qədər müəyyən edilib, proqram üzrə ümumi ödənişlərin isə təxminən 70 milyard avro təşkil edəcəyi gözlənilir.

Bundan əlavə, Avropa Komissiyası noyabrın 18-də 2027-ci ildə Ukraynaya daha 70 milyard avro ayrılmasını təklif edib. Bu məbləğin 45 milyard avrosunun Aİ, 25 milyard avrosunun isə xarici tərəfdaşlar tərəfindən təmin edilməsi nəzərdə tutulur. Uyvari Brüsselin bu kreditləri də dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirlər hesabına ödəməyi planlaşdırdığını təsdiqləyib.

Beləliklə, Avropa Komissiyasının Rusiya aktivlərindən əldə olunan gəlirlər hesabına qaytarmağı nəzərdə tutduğu kreditlərin ümumi həcmi təxminən 140 milyard avroya çatacaq.

Euroclear-ın məlumatına görə, Rusiya aktivləri ildə 3-4 milyard avro gəlir gətirir. Bu isə kreditorlarla hesablaşmaların aparılması üçün ən azı 35 il tələb oluna biləcəyini göstərir.

Digər xəbərlər