İsveç, Britaniya və Ukrayna "Gripen" üçün silah tədarükü üzrə əməkdaşlıq edəcək

İsveç, Böyük Britaniya və Ukrayna Kiyevə verilməsi planlaşdırılan "Gripen" qırıcı təyyarələri üçün silah tədarükü üzrə əməkdaşlıq edəcək.

"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə İsveçin müdafiə naziri Pol Yonson Brüsseldə "Ramştayn" formatında Ukrayna üzrə Təmas Qrupunun (UDCG) 37-ci iclasından əvvəl bildirib.

Yonsonun sözlərinə görə, bu gün o, Böyük Britaniyanın və Ukraynanın müdafiə nazirləri Ues Stritinq və Yevgeni Xmara ilə birlikdə niyyət memorandumu imzalayıb. O, həmçinin Böyük Britaniyanın İsveçin 2030-cu ilədək Ukraynaya verməyi planlaşdırdığı üç "Gripen E" qırıcı təyyarəsinin maliyyələşdirilməsini təmin etdiyini bildirib.

Nazir vurğulayıb ki, bu, uzunmüddətli öhdəlikdir və hər 3 ölkə bu layihə çərçivəsində səmərəli şəkildə qarşılıqlı fəaliyyət göstərir.

Yonson bildirib ki, İsveç 2027-ci ildə Ukraynaya 4 milyard avro yönəltmək niyyətindədir.

"Keçən cümə axşamı biz illik büdcəmizi İsveç parlamentinə təqdim etdik. Gələn il biz Ukraynaya dəstək üçün 4 milyard avro investisiya edəcəyik", - o bildirib və ölkənin bütün səkkiz parlament partiyasının Ukraynaya yardımın davam etdirilməsini dəstəklədiyini dəqiqləşdirib.

Nazirin sözlərinə görə, üçüncü xəbər isə – bu proqram çərçivəsində birbaşa olaraq altıncı paketə 20 milyon avro daxil olmaqla, PURL təşəbbüsü çərçivəsində Ukraynaya hərbi dəstək üçün 72 milyon avroluq yeni paketdir. Onun sözlərinə görə, PURL çərçivəsində İsveç tərəfindən maliyyələşdirmənin ümumi həcmi təqribən 550 milyon avroya çatıb.

Yonson vurğulayıb ki, İsveç Ukraynanı mümkün olan maksimum sayda PAC-3 raketləri ilə təmin etməyə çalışır. Bundan əlavə, ölkə "Shahed" pilotsuz uçuş aparatlarına qarşı silahların tədarükü üçün Çexiya təşəbbüsündən istifadə edir. Yeni paket həmçinin Ukraynaya uzaq məsafələrə zərbələr endirmək üçün vasitələrin verilməsini nəzərdə tutur.

Digər xəbərlər