Stritinq: Ukraynanın tərəfdarları vədləri real hərbi imkanlara çevirməlidirlər

Böyük Britaniya və onun müttəfiqləri Ukraynanın müdafiəsi üzrə "Ramştayn" formatında təmas qrupunun görüşündə Kiyevə gələcək hərbi dəstəyi, o cümlədən qış dövrünə hazırlığı və ölkənin 2027-ci ildəki ehtiyaclarını müzakirə etmək niyyətindədirlər.

"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq NATO-nun Brüsseldəki mənzil-qərargahında görüşdən əvvəl bildirib.

"Bu gün qarşımızda duran vəzifə Ukraynaya qarşıdakı çətin qışı keçirməyə kömək etmək üçün müttəfiqlərin dəstəyini yenidən səfərbər etmək, eləcə də Kiyevə 2027-ci ildə göstəriləcək dəstəyi planlaşdırmaqdır", - Stritinq bildirib.

Onun Almaniyanın müdafiə naziri Boris Pistorius ilə həmsədrlik etdiyi görüşdə müttəfiqlərin Ukraynaya hərbi yardım üzrə yeni öhdəliklər elan edəcəyi gözlənilir. "London həmçinin hava hücumundan müdafiə sahəsində əlavə öhdəliklər təqdim edəcək", - nazir qeyd edib.

"Biz Ukraynanın müttəfiqlərinin götürdüyü öhdəlikləri xalqın müdafiəsi və ön cəbhədəki qüvvələrin dəstəklənməsi üçün real imkanlara çevirmək məqsədilə bura toplaşmışıq", - o vurğulayıb.

Digər xəbərlər