Almaniya və Norveç Ukrayna üçün ABŞ silahlarının alınmasını nəzərdə tutan PURL təşəbbüsü çərçivəsində 300 milyon dollar məbləğində yeni silah paketini maliyyələşdirəcək.
"Report"un Avropa bürosunun verdiyi məlumata görə, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius Brüsseldə Aİ Müdafiə Şurasının iclasından əvvəl bildirib.
O bildirib ki, yeni paketdə əsas diqqət Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsinə, xüsusilə "Patriot PAC-2" və "PAC-3" zenit-raket kompleksləri üçün idarə olunan raketlərin tədarükünə yönəldiləcək.
Onun sözlərinə görə, söhbət maliyyələşdirilməsində Almaniyanın da iştirak etdiyi beşinci PURL paketindən gedir.
Bundan başqa, Almaniya əlavə radiolokasiya sistemləri, "F-16" qırıcıları və pilotsuz uçuş aparatları üçün döyüş sursatları təqdim edəcək. Berlin həmçinin "IRIS-T" raketlərinin Norveçin "NASAMS" zenit-raket komplekslərinə inteqrasiyası üçün hazırlığı davam etdirir.
Pistorius qeyd edib ki, Rusiya döyüş meydanında irəliləyiş əldə edə bilmədiyi üçün Ukrayna infrastrukturuna hava zərbələrini gücləndirir. Onun sözlərinə görə, Rusiyanın hücumları xüsusilə böyük şəhərlərdə əsasən su təchizatı, elektrik enerjisi təchizatı və enerji infrastrukturu obyektlərinə yönəlib.
Nazir vurğulayıb ki, qış ərəfəsində Ukraynanın hava hücumundan müdafiəsi operativ şəkildə gücləndirilməlidir. "Ukraynaya dəstək xeyriyyə aksiyası deyil. Söhbət Avropanın təhlükəsizliyindən, Vladimir Putinin dayandırılmasından gedir", - o bildirib.
Pistoriusun sözlərinə görə, Almaniya artıq Ukraynaya 55 milyard avrodan artıq məbləğdə hərbi yardım göstərib və dəstəyini davam etdirmək niyyətindədir.