Rumıniya sərhədi yaxınlığında 11 hava hədəfi qeydə alınıb və bununla əlaqədar ölkənin Hərbi Hava Qüvvələri iki "F-16" qırıcısını havaya qaldırıb.
"Report" xəbər verir ki, bu barədə "Digi24" telekanalı Rumıniya Milli Müdafiə Nazirliyinin məlumatına istinadən bildirib.
"Noyabrın 16-dan 17-nə keçən gecə Milli Müdafiə Nazirliyinin radiolokasiya müşahidə sistemi Vılkove şəhərindən (Ukrayna) təxminən 4 kilometr şərqdə 4, daha sonra isə Rumıniya sərhədi yaxınlığında, İzmail şəhərindən (Ukrayna) təxminən 10 kilometr şimal-şərqdə 7 hava hədəfi aşkarlayıb. Rumıniya Hərbi Hava Qüvvələrinin iki "F-16" qırıcısı Feteştidəki 86-cı aviabazadan havaya qalxıb", - məlumatda qeyd olunub.
Milli Hərbi Komandanlıq Mərkəzi Tulça dairəsinin şimal hissəsində yaşayan əhalinin xəbərdar edilməsi istiqamətində tədbirlərin görülməsinin zəruriliyi ilə bağlı Fövqəladə Hallar üzrə Baş Müfəttişliyi məlumatlandırıb və "RO-Alert" mesajı göndərilib.
Qurumdan qeyd edilib ki, milli hava məkanına icazəsiz müdaxilə halı qeydə alınmayıb.