Zelenski: Avropanın iştirakı ilə Ukrayna və ABŞ arasında onlayn danışıqlar aparılıb

Avropa nümayəndələri ilk dəfə tam tərkibdə Ukrayna və ABŞ-nin danışıqlar komandalarının onlayn görüşünə qoşulublar.

"Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində bildirib.

Qeyd olunub ki, Fransa, Almaniya, Böyük Britaniya, İtaliya və Polşa, eləcə də Avropa Komissiyası, Avropa Şurası və NATO nümayəndələri ilk dəfə tam tərkibdə Ukrayna və ABŞ komandaları arasındakı danışıqlara qoşulublar. Zelenskinin sözlərinə görə, onlayn danışıqlara ABŞ Prezidentinin nümayəndələri Stiv Uitkoff və Cared Kuşner də qoşulub.

"Avropanı ilk dəfə bu söhbətdə tam tərkibdə məhz Rusiya tərəfi ilə danışıqlarda iştirak edəcək şəxslər təmsil edirdilər. Diplomatik proseslər fəal şəkildə davam edir və ümid edirik ki, bu, əbəs olmayacaq. Komandamız maksimum konstruktiv işləyir. Bizə müharibənin layiqli sonu və Ukraynanın təmin edilmiş təhlükəsizliyi lazımdır", - o deyib.

Zelenskinin sözlərinə görə, söhbət asan olmayıb, lakin məhsuldar keçib: "Berlində İstəklilər Koalisiyası çərçivəsində görüşəcək və danışıqlar prosesində konkret birgə addımlar hazırlayacağıq".

Digər xəbərlər