Avropa İttifaqı (Aİ) Şurası fəaliyyəti Rusiyanın hərbi iqtisadiyyatının maliyyələşdirilməsi və "kölgə donanması"nın dəstəklənməsi ilə bağlı olan 12 fiziki və 101 hüquqi şəxsə qarşı əlavə sanksiyalar tətbiq edib.
Bu barədə "Report"un Avropa bürosu Avropa İttifaqı Şurasının 16 noyabr tarixli qərarına istinadən xəbər verir.
Yeni sanksiya siyahısına 50-yə yaxın Rusiya bankı və maliyyə təşkilatı daxil edilib. Aİ-nin qiymətləndirməsinə görə, bank sektoruna qarşı məhdudiyyətlərin daha da genişləndirilməsi Rusiyanın dövlət gəlirlərinin keçdiyi və hərbi fəaliyyətinin maliyyələşdirildiyi maliyyə kanallarının bağlanmasına yönəlib.
Məhdudiyyətlər həmçinin Rusiyanın elektron kommersiya sahəsinə də toxunub. Xüsusilə, sanksiya təzyiqi Rusiyanın ən böyük internet-pərakəndə satış şirkəti olan "Wildberries"in yeganə səhmdarına, eləcə də onlayn ticarət bazarında digər aparıcı oyunçu olan "Ozon" şirkətinin nəzarət paketinə malik fiziki şəxsə şamil olunub.
Bundan əlavə, Aİ siyahıya Rusiyanın neft-qaz sektorunda çalışan yeni şirkətləri və sahibkarları daxil edib. Söhbət xüsusilə Rusiyanın neft emalı zavodlarını və Sankt-Peterburqdakı neft terminalını idarə edən, eləcə də enerji resurslarının hasilatı ilə məşğul olan şirkətlərdən gedir.