Avropa İttifaqı (Aİ) Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar çərçivəsində Rusiyadan güzəştlər əldə etməyə çalışmalı və yalnız Moskvaya edilə biləcək təkliflərin müzakirəsi ilə kifayətlənməməlidir.
"Report" xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Brüsseldə Aİ Xarici İşlər Şurasının iclasından əvvəl bildirib.
O qeyd edib ki, Rusiya Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyatlar başlamazdan əvvəl - hələ 2021-ci ildə irəli sürdüyü eyni şərtlərdə israr etməkdə davam edir: "Biz vəziyyəti diqqətlə qiymətləndirməliyik".
K.Kallas vurğulayıb ki, istənilən danışıqlar təklifi Rusiyaya qarşı əks tələblərlə müşayiət olunmalıdır.
Onun sözlərinə görə, Aİ-nin Moskvaya təsir vasitələri, o cümlədən sanksiyalar və dondurulmuş Rusiya aktivləri var.
K.Kallas həmçinin vurğulayıb ki, atəşkəsə nail olmaq ilkin vəzifə olmalıdır.
Bununla yanaşı, Avropa diplomatiyasının rəhbəri Rusiyanın Ukraynanın dəmir yolu infrastrukturuna, körpülərinə və enerji obyektlərinə davam edən zərbələrinə diqqət çəkib. Onların qış mövsümü ərəfəsində dinc əhalinin çəkdiyi əziyyətləri daha da artırmağa yönəldiyini qeyd edib.