Almaniya Avropa İttifaqını (Aİ) qışdan əvvəl Ukraynanın energetika və hava hücumundan müdafiəsinə (HHM) dəstəyi gücləndirməyə çağırıb.
"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Yohan Vadeful Brüsseldə Aİ Xarici İşlər Şurasının iclası ərəfəsində bildirib.
"Bu gün Ukraynanı daha bir sərt müharibə qışına necə hazırlayacağımızı müzakirə edəcəyik. Bunun üçün, ilk növbədə enerji təchizatı və HHM sahəsində əlavə dəstək lazımdır", - o deyib.
Nazir qeyd edib ki, Ukraynaya yardım Avropa dövlətlərinin kollektiv məsuliyyəti olaraq qalmalıdır və maliyyə, eləcə də praktiki yük yalnız Aİ-nin bir neçə üzvünün üzərinə düşməməlidir. Vadeful həmçinin məsuliyyətin bütün iştirakçılar arasında ədalətli şəkildə bölüşdürülməsinin vacibliyini diqqətə çatdırıb.
Almaniyanın xarici işlər naziri ayrıca Qara dənizdəki vəziyyətə toxunaraq Rusiyanın gəmilərə və infrastruktura hücumlarının Ukraynadan taxıl ixracına təhlükə yaratmaqda davam etdiyini bildirib.
O, Moskvanı həm Ukraynadan, həm də Rusiyadan taxıl daşımalarını bərpa etməyə imkan verəcək heç olmasa qismən atəşkəs üçün şərait yaratmağa çağırıb. Vadefulun sözlərinə görə, Qara dənizdəki vəziyyətin nəticələri regiondan kənarda, o cümlədən ərzaq böhranı risklərinin qaldığı Qlobal Cənub ölkələrində də hiss olunur.