Pakistan ABŞ və İran arasındakı münaqişənin sülh yolu ilə nizamlanmasına yönəlmiş diplomatik səylərini davam etdirir.
"Report" "Dawn" nəşrinə istinadən xəbər verir ki, bu barədə Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) görüşü çərçivəsində bildirib.
Onun sözlərinə görə, İranın xarici işlər naziri Abbas Əraqçi ilə "açıq, səmimi, qardaşca və hərtərəfli" danışıqlar aparıb. Tərəflər regiondakı son hadisələri müzakirə ediblər.
İ.Dar qeyd edib ki, İran Hörmüz boğazının açılması ilə bağlı təklifinin reallaşdırılmasını sürətləndirərək ilkin olaraq nəzərdə tutulan yeddigünlük müddəti iki günə qədər azaldıb. Bununla belə, Vaşinqtondan bu təşəbbüsə hələ ki cavab daxil olmayıb.
"Biz ümidimizi itirmirik və səylərimizi dayandırmırıq. Vəziyyəti nizamlamaq üçün əlimizdən gələni etməyə davam edirik", - o deyib.
Pakistan xarici işlər naziri ümid edir ki, Vaşinqton yaxın vaxtlarda Tehranın təklifinə cavab verəcək, çünki ABŞ-dəki aralıq seçkilər artıq Amerika administrasiyasının diqqətini yayındırmır.