ABŞ Prezidenti Donald Tramp "60 Minutes" proqramını İranın zərbələrinin dəf edilməsi zamanı ABŞ-nin hava hücumundan müdafiə sisteminin effektivliyini düzgün işıqlandırmamaqda ittiham edib.
"Report" xəbər verir ki, o, bu barədə "Truth Social" şəbəkəsində yazıb.
Trampın sözlərinə görə, 2026-cı il fevralın 28-də "Epic Fury" hərbi əməliyyatı başlayandan bəri İran 8-9 min birdəfəlik zərbə pilotsuz uçuş aparatı buraxıb, lakin dronlardan yalnız ikisi hədəfə çataraq amerikalıların ölümünə səbəb olub. Hər iki hadisə əməliyyatın ilk günündə - Küveytdə və Səudiyyə Ərəbistanında baş verib.
Tramp bildirib ki, İran raketlərinin və pilotsuz uçuş aparatlarının 99,99 %-i vurulub və ya amerikalıların ölümünə səbəb olmayıb. Onun sözlərinə görə, "60 Minutes"in reportajında bu məlumatlar öz əksini tapmayıb.
Qeyd edək ki, "60 Minutes" CBS telekanalının 1968-ci ildən yayımlanan həftəlik informasiya-analitik televiziya proqramıdır.