Almaniyada 800 illik qəsr 1 avroya satışa çıxarılıb

Almaniyanın Saksoniya federal ərazisindəki Bad-Düben şəhərində təxminən 800 illik tarixi Şnaditz qəsri simvolik olaraq 1 avroya satışa çıxarılıb.

"Report"un "Bild" qəzetinə istinadən məlumatına görə, yerli hakimiyyət orqanları memarlıq abidəsini bərpası üçün sərmayədar tapmağa ümid edir.

Su ilə əhatə olunmuş qəsr təxminən 1 012 kvadrat metr sahəni əhatə edir. Binada cəngavər zalı və iki qüllə var.

"Qalanın xilas edilməsini istərdim. Bu bina həm region, həm də Saksoniya üçün vacibdir. Kənardan baxanda artıq yaxşı görünmür. Çox iş görülməlidir. Amma damdan su sızmır", - şəhər meri Mattias Mit deyib.

Əmlakın simvolik qiymətinə baxmayaraq, gələcək sahibi onun yenidən qurulmasına xeyli vəsait yatırmalı olacaq. İlkin hesablamalara görə, qalanın bərpası təxminən 20 milyon avroya başa gələ bilər.

Əvvəllər tarixi tikilini bərpa etmək və onu turistik məkana çevirmək üçün cəhdlər edilib, lakin bu planlar uğursuz olub.

Yerli hakimiyyət orqanları ümid edir ki, yeni sahib qalanı qoruyub saxlaya və ondan praktik istifadə edə biləcək.

Digər xəbərlər