Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkmənistan və Azərbaycanla ticarət dövriyyəsinin genişləndirilməsi və sənaye əməkdaşlığının miqyasının artırılması üzrə təşəbbüslərin praktiki şəkildə həyata keçirilməsi üçün birgə fəaliyyətlərin "yol xəritəsi"nin hazırlanmasını təklif edib.
“Report”un Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Ş.Mirziyoyev bunu avqustun 22-də Türkmənistanda Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla yüksək səviyyəli üçtərəfli görüşdə deyib.
Bununla yanaşı, nazirlərin əsas istiqamətlər üzrə müntəzəm görüşləri mexanizminin işə salınması planlaşdırılır.
O qeyd edib ki, son illər Özbəkistanın Türkmənistan və Azərbaycanla qarşılıqlı ticarət həcmi iki dəfə artıb, ticarət dövriyyəsinin strukturunda sənaye mallarının payı isə 40 %-ə çatıb.
Kompleks plan çərçivəsində davamlı ticarət-logistika zəncirlərinin inkişaf etdirilməsi, böyük ticarət şəbəkələrinə çıxışın təmin edilməsi, fitosanitar və karantin tələblərinin unifikasiyası, birgə elektron platformaların işə salınması və s. təklif olunur.