Beynəlxalq təhlükəsizlik və peşəkar təlim xidmətləri sahəsində fəaliyyət göstərən "RelyOn" şirkətinin Azərbaycandakı nümayəndəliyi Bakıda, Salyan şosesi 15 ünvanında yerləşən yeni təlim mərkəzinin rəsmi açılışını keçirib.
"Report" xəbər verir ki, yeni mərkəz Azərbaycanın neft-qaz və enerji sektorunda fəaliyyət göstərən yerli və beynəlxalq şirkətlər üçün peşəkar təlim imkanlarını genişləndirəcək, Xəzər regionunda sənaye təhlükəsizliyinin inkişafına töhfə verəcək.
Yeni mərkəzin istifadəyə verilməsi şirkətin Azərbaycandakı fəaliyyətinin genişləndirilməsi, enerji, neft-qaz və sənaye sektorlarında çalışan mütəxəssislər üçün peşəkar hazırlıq imkanlarının artırılması istiqamətində mühüm addımdır.
Açılış mərasimində "RelyOn Azerbaijan"ın yerli və regional rəhbərliyi, eləcə də enerji və sənaye sektorunun çoxsaylı yerli və beynəlxalq şirkətlərinin nümayəndələri iştirak ediblər. Tədbirdə "BP", "Baker Hughes", "Azfen", "Caspian Oilfield Service", "TotalEnergies", "Turan Drilling" və mühəndislik, texniki xidmət və qaldırma əməliyyatları üzrə ixtisaslaşan "EnerMech" şirkətləri təmsil olunublar. Dəniz nəqliyyatı və əməliyyatları sahəsində fəaliyyət göstərən "Caspian Marine Services" və ofşor mühəndislik və təchizat xidmətləri göstərən "Franklin Offshore" şirkətlərinin nümayəndələri də tədbirə qatılıblar.
Mərasim "RelyOn"un beynəlxalq fəaliyyətini və təcrübəsini əks etdirən videoçarxın nümayişi ilə başlayıb. Daha sonra şirkət rəhbərliyinin və dəvət olunmuş qonaqların çıxışları dinlənilib.
"RelyOn Azerbaijan"ın ölkə üzrə meneceri Özqan Əfşar yeni təlim mərkəzinin açılışının şirkətin Azərbaycandakı fəaliyyəti və gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
"RelyOn"un regional meneceri Mərvan Mübarək isə çıxışında şirkətin Azərbaycanın iqtisadi potensialına və ölkənin inkişafında iştirak edən insanlara olan inamını ifadə edib:
"Biz Azərbaycanın gələcəyini, o cümlədən təhlükəsiz gələcəyini qurmağa davam etmək üçün buradayıq. Komanda üzvlərinizdən birini təlim almaq üçün bizə etibar etməyiniz şirkətimizə inamı göstərir. Dəyər yaradan bir çox sahələr var. Biz isə xüsusilə öz sahəmizlə fəxr edirik".
"RelyOn Azerbaijan"ın yerli bazardakı fəaliyyəti aparıcı beynəlxalq və yerli enerji, neft-qaz və sənaye şirkətləri ilə əməkdaşlığı əhatə edir. Şirkətin müştəriləri arasında "BP", "Baker Hughes", "Halliburton", "SLB" və "SOCAR AQŞ" kimi müəssisələr də var. Bununla yanaşı, geoloji və geofiziki tədqiqatlar, seysmik məlumatların toplanması və emalı üzrə ixtisaslaşan "Caspian Geo" ilə əməkdaşlıq da şirkətin müxtəlif sənaye sahələrinə xidmət göstərən müştəri portfelini əks etdirir.
Rəsmi hissənin sonunda rəmzi lentkəsmə mərasimi keçirilib. Daha sonra qonaqlar yeni təlim mərkəzinin infrastrukturu, təlim sahələri və praktiki hazırlıq imkanları ilə tanış olublar.
Yeni mərkəz sənaye müəssisələrinin peşəkar təlim ehtiyaclarının qarşılanmasına, əməkdaşların praktiki bacarıqlarının inkişafına və iş yerlərində təhlükəsizlik mədəniyyətinin gücləndirilməsinə xidmət edəcək.
Qeyd edək ki, 1968-ci ildə Danimarkada yanğın təhlükəsizliyi üzrə təlimlərin təşkili ilə fəaliyyətə başlayan "RelyOn" hazırda sənaye təhlükəsizliyi və peşəkar hazırlıq sahəsində beynəlxalq xidmət təminatçısıdır. Şirkət Avropa, Asiya, Yaxın Şərq, Amerika və Avstraliyada yerləşən təlim mərkəzləri şəbəkəsi vasitəsilə müxtəlif sənaye sahələrində fəaliyyət göstərən müəssisələrə xidmət göstərir.
2011-ci ildən Azərbaycanda fəaliyyət göstərən "RelyOn" beynəlxalq standartlara əsaslanan təhlükəsizlik təlimləri və mütəxəssislərin peşəkar hazırlığı istiqamətində yerli sənaye ilə əməkdaşlığını davam etdirir.
Bakıda yeni təlim mərkəzinin açılması şirkətin Azərbaycan bazarına uzunmüddətli yanaşmasını və Xəzər regionunda enerji və sənaye müəssisələri ilə əməkdaşlığını genişləndirmək niyyətini nümayiş etdirir.
Təlim mərkəzinin promo çarxını buradan izləyə bilərsiniz.