Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti və Avrasiya İnkişaf Bankı (EDB) birgə layihələrin maliyyələşdirilməsi imkanlarının genişləndirilməsinə dair memorandum imzalayıb.
"Report" xəbər verir ki, bu barədə Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyi məlumat yayıb.
Sənəd noyabrın 26-da EDB-nin İdarə Heyətinin sədri Nikolay Podquzovun Daşkəndə səfəri zamanı imzalanıb.
Qeyd olunub ki, səfər zamanı Nikolay Podquzov Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratovla görüşüb. Tərəflər əməkdaşlığın inkişafını və yeni layihələrin həyata keçirilməsi perspektivlərini müzakirə ediblər.
"Birgə 4 milyard ABŞ dollarından çox məbləğdə layihələr portfeli formalaşdırılıb, özəl sektora dəstək məqsədilə imzalanmış sazişlərin həcmi 200 milyon ABŞ dollarına çatıb", - məlumatda qeyd olunub.
Bankın 2027-2031-ci illər üçün ölkə strategiyasına əsasən, artıq gələn il Özbəkistanda maliyyələşdirmənin həcminin 500 milyon ABŞ dollarına çatdırılması planlaşdırılır.