İlin əvvəlindən Azərbaycan Gürcüstan iqtisadiyyatına birbaşa xarici investisiyaları 4 % artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın Gürcüstan iqtisadiyyatına birbaşa xarici investisiyaları 48 milyon ABŞ dolları təşkil edib.

"Report" Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına istinadən xəbər verir ki, 9 ayda Azərbaycandan ölkəyə birbaşa xarici investisiyaları ötən ilin eyni dövrü ilə müqayisədə 4 % artıb.

Azərbaycan bu ilin yanvar-sentyabr aylarında Gürcüstan iqtisadiyyatına birbaşa xarici investisiyalar həcminə görə 8-ci yerdə qərarlaşıb.

Statistik məlumata görə, Gürcüstan iqtisadiyyatına birbaşa xarici investisiyaları 9 ay ərzində 966 milyon ABŞ dolları təşkil edib və ötən ilin müvafiq dövrü ilə müqayisədə 40 % azalıb. Üçüncü rübdə birbaşa xarici investisiyaların daxilolmaları iki dəfə azalaraq 198 milyon ABŞ dolları təşkil edib.

Birbaşa xarici investisiyalarının azalması əsasən Niderlanddan investisiyaların 3,3 dəfə azalaraq 115 milyon ABŞ dollarına düşməsi ilə bağlıdır. ABŞ-dən investisiyalar iki dəfə azalaraq 74 milyon ABŞ dollarına, Türkiyədən 19 % azalaraq 89 milyon ABŞ dollarına düşüb.

Eyni zamanda, Böyük Britaniyadan birbaşa xarici investisiyaları 42 % artaraq 226 milyon ABŞ dolları, Maltadan 51 % artaraq 108 milyon ABŞ dolları, Çexiyadan 50 % artaraq 89 milyon ABŞ dolları, Yaponiyadan 12 % artaraq 102 milyon ABŞ dolları, Marşal adalarından 12 % artaraq 34 milyon ABŞ dolları təşkil edib.

İqtisadiyyatın sahə strukturunda yanvar-sentyabr aylarında energetika sektoruna birbaşa xarici investisiyaları 150 milyon ABŞ dolları (10 % az), emal sənayesinə 147 milyon ABŞ dolları (50 % az), ticarətə 126 milyon ABŞ dolları (54 % az), daşınmaz əmlaka 89 milyon ABŞ dolları (8 % çox), nəqliyyata 82 milyon ABŞ dolları olub.

2023-cü ildə Gürcüstan iqtisadiyyatına birbaşa xarici investisiyalar 2022-ci illə müqayisədə 24 % azalaraq 1,6 milyard ABŞ dolları təşkil edib.

Digər xəbərlər