ICIEC indiyə qədər Azərbaycanda 164 milyon dollarlıq biznes sığortası edib

İslam İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası (ICIEC) indiyə qədər Azərbaycanda 164 milyon ABŞ dolları dəyərində biznes sığortası əməliyyatları həyata keçirib.

"Report" xəbər verir ki, bunu ICIEC-nin baş direktoru, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD) baş direktor əvəzi Xalid Xalafalla Bank Qrupunun Bakıda keçirilən illik toplantıları çərçivəsində İslam İnkişaf Bankı (IsDB) Qrupunun özəl sektor üzrə 14-cü forumu zamanı jurnalistlərə bildirib.

Onun sözlərinə görə, qurum uzun illərdir ki, Azərbaycanda fəaliyyət göstərir və yerli bankları maliyyə xətləri vasitəsilə dəstəkləyir: "Lizinq şirkətləri ilə əməkdaşlıq da kiçik və orta biznesin maliyyə resurslarına çıxışının genişləndirilməsinə yönəlib. İsDB Qrupunun sığorta qurumu ICIEC-yə Azərbaycan 2023-cü ildən 49-cu üzv kimi qoşulub. Həmin vaxtdan bəri ölkədə 164 milyon dollarlıq biznes sığortası əməliyyatları həyata keçirilib. Bu yaxınlarda biz telekommunikasiya sektorunda da mühüm bir əməliyyatı sığortaladıq. Bu layihə telekommunikasiya infrastrukturunun bərpası baxımından böyük əhəmiyyət daşıyır. Nəqliyyat sektorunda isə Qazaxıstandan "Azərbaycan Dəmir Yolları" QSC-yə lokomotiv ixracını dəstəkləmişik. Bu, ölkələrimiz arasında əməkdaşlıq baxımından əlamətdar layihələrdən biridir".

"ISB Qrupu Azərbaycanda fəaliyyətinin nəticələrindən məmnundur və gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial görür", - deyə X.Xalafalla əlavə edib.

Digər xəbərlər

Sea Breeze yeni şirkət yaradıb 02 noyabr, 2026 / 15:34