"IRD Engineering" şirkəti Gəncənin su təchizatı və tullantı sularının axıdılması obyektlərinin layihələndirilməsi, tikintisinə nəzarət üzrə xidmətlərin göstərilməsinə dair yeni müqavilə imzalayıb.
"Report" xəbər verir ki, bunu "IRD Engineering"in Mərkəzi Asiya və Qafqaz üzrə regional direktoru Pierluici Aloia Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda bildirib.
"Gəncədə su təchizatı və kanalizasiya obyektlərinin layihələndirilməsinə dəstək göstərilməsini və tikintisinə nəzarəti nəzərdə tutan yeni müqavilə imzaladığımızı bildirməkdən məmnunuq", - o qeyd edib.
Regional direktorun sözlərinə görə, şirkət 2011-ci ildən Azərbaycanda fəaliyyət göstərir və bu müddətdə beynəlxalq maliyyə institutlarının maliyyələşdirdiyi 12-dən çox layihə həyata keçirib.
P. Aloia həmçinin bildirib ki, Orta Dəhlizin bir hissəsi olan M2 avtomobil yolunun Gəncə istiqamətindəki sahəsinin modernləşdirilməsi şirkətin layihələrindən biridir. Layihəni Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) maliyyələşdirib və uğurla başa çatdırılıb.
O qeyd edib ki, beynəlxalq maliyyə institutlarının Azərbaycandakı fəaliyyətinin fəallaşması ölkə üçün müsbət siqnaldır.
P. Aloianın sözlərinə görə, siyasi iradə, artan institusional potensial, əlverişli coğrafi mövqe və sabitlik sayəsində Azərbaycan Orta Dəhlizin inkişafında mühüm rol oynayır.
O vurğulayıb ki, "IRD Engineering" beynəlxalq maliyyə institutları, dövlət strukturları və yerli tərəfdaşlarla birgə Azərbaycanın infrastrukturunun inkişafına bundan sonra da töhfə verməyə ümid edir.