Emin İlyas: "Azərbaycanda texnoloji sahələr üzrə kadr hazırlığı gücləndirilməlidir"

Azərbaycanda texnoloji sahələr üzrə kadr hazırlığı gücləndirilməlidir.

"Report" xəbər verir ki, bunu Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHİK - Azerbaijan) İdarə Heyətinin sədri Emin İlyas "Dövlət-biznes əməkdaşlığı forumu"nda deyib.

Onun sözlərinə görə, Avropa şirkətlərindən aldığımız impulslara da əsaslanaraq deyirəm ki, daha da inkişaf etdirməli olunacaq sahələrdən biri yeni texnoloji sahələrdir: "Söhbət, ingilislərin təbirincə desək, müəyyən "know-how" tələb edən sahələrdən gedir. Bu istiqamətlərdə bir qədər geridəyik və inkişaf üçün əlavə təkan lazımdır. Bunun üçün xaricdə təhsil proqramlarımız və digər imkanlarımız var. Hazırda da bu proqramlar davam edir və onların istiqaməti daha çox yeni sahələrə, texnoloji və biotexnoloji sahələrə yönəlib".

E. İlyas bildirib ki, xarici investorlar ölkəmizə gələndə və ya yerli şirkətlər bu sahələrə daxil olmaq istəyərkən, ilk növbədə bir sual ortaya çıxır - lazımi kadrları tapa biləcəklərmi?: "Burada iki istiqamətdə kadrlara ehtiyac var. Əgər söhbət istehsaldan gedirsə, həm idarəçi heyətə, həm də istehsal prosesini həyata keçirəcək, avadanlıqları idarə edəcək işçi heyətinə ehtiyac yaranır. Bu cür bilik və bacarıqlar isə peşə təhsili vasitəsilə formalaşır. Son illərdə ölkəmizdə peşə təhsili sahəsində əldə olunan inkişafı da nəzərə alaraq çalışırıq ki, bu müsbət təcrübələri və impulsları hər iki istiqamətdə bölüşək və faydalı yanaşmaların tətbiqinə nail olaq".

Digər xəbərlər