Şöbə müdiri: "İstehlakçıların qüsurlu malların satışı ilə bağlı müraciətləri üstünlük təşkil edir"

Azərbaycanda istehlakçıların qüsurlu malların satışı ilə bağlı müraciətləri üstünlük təşkil edir.

"Report" xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı Lənkəranda keçirilən "İstehlakçıların əsas hüquqları və onların müdafiəsi" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, bu ilin 10 ayında ən çox istehlakçı müraciətləri 2 122 ədəd olmaqla qüsurlu malların satışı ilə bağlı olub: "Bunun ardınca xidmətlərin keyfiyyətsiz və qüsurlu olması ilə əlaqədar 1 684, digər istehlakçı hüquqlarının pozulması üzrə 1 483, müqavilə şərtlərinin pozulması ilə bağlı isə 1 097 müraciət qeydə alınıb. Həmçinin istehlakçının tələbi ilə lazımi keyfiyyətdə malın dəyişdirilməməsi və ya qaytarılmaması hallarına görə 608, istehlakçıların aldadılması ilə bağlı 577, sair müraciətlər üzrə 452, ödənilmiş vəsaitin geri qaytarılmaması ilə bağlı 242, keyfiyyətsiz sertifikatsız malların satılması ilə əlaqədar 184 və istehlakçılara mal/xidmət haqqında məlumat verilməməsi üzrə 183 müraciət daxil olub".

Y.Tapdıqlı qeyd edib ki, digər pozuntu növləri üzrə göstəricilər isə nisbətən az olub: "Belə ki, saxlama müddəti ötmüş məhsulların satılması ilə bağlı 62, qiymət intizamının pozulması üzrə 44, dərmanların satış qaydalarının pozulması ilə əlaqədar 9, keyfiyyətsiz dərman vasitələrinin satılması üzrə isə 7 müraciət edilib. Siyahının sonunda markalanma və etiketləmə tələblərinə uyğun olmayan malların satılması üzrə 4, mal qonşuluğu və temperatur rejiminə əməl edilməməsi ilə bağlı 3, qiymətli metalların və daşların satışı qaydalarının pozulması üzrə 3, istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri ilə əlaqədar isə 2 müraciət yer alıb. Hazırda agentlikdə 868 müraciətin icrası davam etdirilir".

Bundan başqa, onun sözlərinə görə, Dövlət Agentliyi 10 ayda 41 protokol tərtib edib: "O cümlədən, satılmış malın dəyişdirilməsi və yaxud geri qaytarılması qaydalarının pozulması üzrə 2, elektron siqaretlərin və yaxud onların komponentlərinin satışı və yaxud satış məqsədilə saxlanılması üzrə 1, qiymət intizamının pozulması üzrə 1, malların, işlərin və xidmətlərin qiymətinin manatda göstərilməməsi üzrə 1, istehlakçının mal haqqında məlumat almaq hüququnun pozulması üzrə 1, standartların tələbinə cavab verməyən malların istehsalı, satılması, işlərin yerinə yetirilməsi, xidmətlərin göstərilməsi üzrə 1, müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərinin yerinə yetirilməməsi üzrə 1 protokol tərtib edilib". O əlavə edib ki, ən çox protokol istehlakçıların malın ölçüsü, çəkisi, hesabı, istehlak xüsusiyyətləri və keyfiyyəti ilə bağlı aldadılması faktı üzrə tərtib edilib.

Digər xəbərlər