Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) neft, neft-kimya və təbii qaz sənayesində keyfiyyətin idarə edilməsi sahəsində yeni dövlət standartı qəbul edib.
"Report" Agentliyə istinadən xəbər verir ki, AZS ISO 29001:2026 "Neft, neft-kimya və təbii qaz sənayesi. Sahə üzrə keyfiyyəti idarəetmə sistemləri. Məhsul və xidmət təchiz edən təşkilatlar üçün tələblər" dövlət standartı ISO 29001:2020 "Petroleum, petrochemical and natural gas industries. Sector-specific quality management systems. Requirements for product and service supply organization" beynəlxalq standartı əsasında qəbul edilib.
Yeni dövlət standartı neft, neft-kimya və təbii qaz sənayesində fəaliyyət göstərən, məhsul və xidmətlərin istehsalı, təchizatı və təqdim edilməsi ilə məşğul olan təşkilatlarda keyfiyyətin idarə edilməsi sisteminin qurulması, tətbiqi, saxlanılması və davamlı təkmilləşdirilməsi üzrə tələbləri müəyyən edir.
Sözügedən dövlət standartı AZSTAND-ın nəzdində təsis edilən "Uyğunluğun qiymətləndirilməsi" standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 08) təqdimatı əsasında qəbul olunub və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.