Dövlət sifarişi icra edən sahibkarların vergi borcu üzrə mexanizm yaradılması təklif olunur

Azərbaycanda dövlət sifarişlərini icra edən sahibkarların vergi borcları üzrə qarşılıqlı hesablaşma mexanizminin yaradılması təklif edilib.

"Report" xəbər verir ki, bu təkliflə deputat Zahid Oruc Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edib.

Deputat istehsal müəssisələrinin borclarının restrukturizasiyasının genişləndirilməsini də təklif edib: "Ötən illər ərzində kənd təsərrüfatına, sənaye parklarına, texnologiyaya və digər sahələrə tətbiq olunan vergi güzəştləri iqtisadi inkişafa xidmət edir. ​Təklif edirəm ki, gələcəkdə büdcə zərfinə vergi güzəştlərinin iqtisadi səmərəliliyinə dair ayrıca sənəd daxil olunsun. ​Son 10 ildə dövlətin güzəşt şəklində sahibkarların sərəncamında saxladığı vəsait hesabına nə qədər əlavə dəyərin, neçə daimi iş yerinin yaradılması və sair kimi məsələlər hesabata daxil edilə bilər".

​Bundan başqa, Z.Oruc qeyd edib ki, ümumiyyətlə, müəssisələrin bir gün ərzində qeydiyyata alınması onların avtomatik 10 il fəaliyyət göstərəcəyinə təminat vermir: "Sahibkarlığın demoqrafiyasına dair ayrıca statistik bazanın yaradılmasını da təklif edirəm. Mikrosahibkarların daha yüksək biznes kateqoriyasına keçməsi zamanı vergi yükünün optimallaşması və müəyyən şərtlərlə 5 il müddətinə 25 %-lik vergi güzəştinin verilməsi 10 minədək sahibkarımızın inkişafı üçün imkanlar açır".

​O vurğulayıb ki, Azərbaycanın iqtisadi hədəfi yüz minlərlə mikrosahibkarın yaranması ilə bərabər, onların arasından yüzlərlə iri, uzunömürlü, beynəlxalq bazarlarda rəqabət aparan milli şirkətlərin yetişməsidir: "Sahibkarlarımız üçün vergi inzibatçılığının sadələşdirilməsi böyük əhəmiyyət daşıyır".

​

​

Digər xəbərlər