Deputat: "ƏDV ödəyicisi kimi qeydiyyat zamanı ümumi dövriyyə nəzərə alına bilər"

ƏDV ödəyicisi kimi qeydiyyat zamanı yalnız nağdsız deyil, ümumi dövriyyə nəzərə alına bilər.

"Report" xəbər verir ki, bunu deputat Azər Badamov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

"Sadələşdirilmiş vergi ödəyiciləri üçün ƏDV öhdəliyinin yaranması ilə bağlı 400 min manatlıq nağdsız dövriyyə həddi müəyyən edilib. Hesab edirəm ki, bu həddin hesablanması zamanı yalnız nağdsız əməliyyatların deyil, vergi ödəyicisinin həyata keçirdiyi bütün əməliyyatların – həm nağd, həm də nağdsız dövriyyənin nəzərə alınması məqsədəuyğun olardı. Bu yanaşma real iqtisadi dövriyyənin düzgün müəyyən edilməsinə, vergi ödəyiciləri arasında bərabər rəqabət şəraitinin təmin olunmasına, kartdan-karta köçürmələr vasitəsilə dövriyyənin gizlədilməsi hallarının qarşısının alınmasına və ümumilikdə şəffaflığın artırılmasına xidmət edə bilər. Eyni zamanda, sahibkarların fəaliyyətini qeyri-rəsmi ödənişlər üzərində deyil, qanuni və şəffaf dövriyyə əsasında qurmasında marağı arta bilər. ​Təbii ki, mexanizmi hazırlayarkən kiçik sahibkarların xüsusiyyətləri və nağdsız ödənişlərin təşviqi məqsədləri də nəzərə alınmalıdır", - deyə o qeyd edib.

Digər xəbərlər