Elmir Qarayev: "Sahibkarların qaldırdığı məsələlər Vergi Məcəlləsindəki dəyişikliklərdə nəzərə alınıb"

Sahibkarların qaldırdığı məsələlər bu il Vergi Məcəlləsində edilməsi nəzərdə tutulan dəyişikliklərdə nəzərə alınıb.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini Elmir Qarayev Bakıda keçirilən "Dövlət-biznes əməkdaşlığı forumu"nda - "İşəgötürənlərin gözləntiləri, dövlət dəstəyi və əməkdaşlıq imkanları" adlı panel müzakirəsində bildirib.

"Sahibkarlıq assosiasiyaları ilə iş üzrə ayrıca funksional şöbəmiz fəaliyyət göstərir. Ötən il bu istiqamətdə 50-yə yaxın sahibkarlıq assosiasiyası ilə görüşlər təşkil olunub. Həmin görüşlərin əhəmiyyətli hissəsi iqtisadiyyatın ayrı-ayrı sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud problemlərinin, eləcə də qanunvericilik və inzibatçılıq sahəsindəki təkliflərinin dinlənilməsinə həsr olunub. 2027-ci ildən tətbiqi gözlənilən dəyişikliklərin bir çoxu, o cümlədən mikro və kiçik sahibkarlıq subyektləri ilə bağlı nəzərdə tutulan yeniliklər məhz həmin görüşlərdə real sahibkarların qaldırdığı məsələlər əsasında formalaşıb. Ötən il əkcə bizim birbaşa təşkil etdiyimiz deyil, digər platformalar vasitəsilə keçirilən 20-dən artıq görüşdə də Dövlət Vergi Xidmətinin nümayəndələri iştirak edib. Gələcəkdə də bu dialoqun davam etdirilməsinin birmənalı tərəfdarıyıq", - deyə o qeyd edib.

Bundan başqa, vergi rəsmisi deyib ki, kiçik qruplar formatında görüşlərin keçirilməsi də vacibdir: "Bu baxımdan, təkcə sahibkarlıq assosiasiyaları ilə deyil, maliyyə institutları ilə də kifayət qədər məhsuldar əməkdaşlığımız var. Bu əməkdaşlıq yalnız maliyyə institutlarının özləri üçün deyil, onların müştərisi olan sahibkarlıq subyektləri üçün də geniş imkanlar yaradır, xüsusilə əməliyyatların həyata keçirilməsi və inzibatçılıq sahəsində müəyyən üstünlüklər təmin edir. Növbəti illərdə də bu formatda görüşlərin və dialoqun davam etdirilməsini təmin edəcəyik".

Digər xəbərlər