Bu ilin I yarısında Böyük Britaniyanın “Anglo Asian Mining” şirkəti (AAM - Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator) 5,27 min unsiya qızıl ekvivalentində (GEO) qiymətli metallar hasil edib.
“Report” bu barədə AAM-ın məlumatına istinadən xəbər verir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanda qiymətli metalların hasilatı 77,5 % azalıb.
Eyni zamanda, bu ilin yanvar-iyun aylarında şirkət Azərbaycanda 4 704 min unsiya qızıl (67,8 % az), 100 ton mis (18,7 dəfə az), 12 740 min unsiya gümüş (71,5 % az) hasil edib.
Hesabat dövründə “Gədəbəy” yatağından 4,692 min unsiya qızıl (64,8 % az) və 3,044 min gümüş unsiya (52,7 % az) hasil edilib.
“Dünya bazarlarında ilin birinci yarısında şirkət 6 min unsiya qızıl külçəsini (42,9 % az) 1 unsiya üçün orta hesabla 2,174 min ABŞ dollarına satıb. Şirkət 2023-cü ilin yanvar-iyun aylarında şirkət qızıl külçələrini 1 unsiya üçün orta hesabla 1,939 min ABŞ dollarına satıb”, - məlumatda qeyd edilib.
Bu ilin birinci yarısında şirkət 166 ton (98,5 % az) mis konsentratı hasil edib. 331 ton mis konsentratını (95 % az) 1 297 min ABŞ dollarına (87,6 % az) satıb.
“2024-cü il iyunun 30-na olan məlumata görə, şirkətin ümumilikdə 3,6 milyon ABŞ dolları dəyərində satılmamış qızıl və mis konsentratı ehtiyatları var”, - məlumatda qeyd edilib.
Bu il iyunun 30-na şirkətin xalis borcu 12,1 milyon ABŞ dolları təşkil edib.
“Production Sharing Agreement” (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanıb və bununla 6 yatağın işlənməsi nəzərdə tutulur. Müqavilədə Azərbaycanın payı 51 %, “Anglo Asian Mining PLC” şirkətinin payı 49 % təşkil edir.
“Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin sentyabr ayında “Qoşa” müqavilə sahəsinin işlənməsinə başlayıb.