2023-cü ildə Azərbaycan 386,3 milyon ABŞ dolları dəyərində 14 min 98 ədəd hibrid avtomobilləri (daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 2,5 dəfə, kəmiyyət olaraq – 24,3 % çoxdur.
Hesabat dövründə Azərbaycan Almaniyadan 105 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3,3 dəfə çoxdur) 1 min 581 ədəd (+3 dəfə), Yaponiyadan 98 milyon ABŞ dolları dəyərində (+42 %) 6 min 810 ədəd (-23 %), Çindən 64,1 milyon ABŞ dolları dəyərində (+10 dəfə) 2 min 74 ədəd (+9 dəfə), Amerika Birləşmiş Ştatlarından 49 milyon ABŞ dolları dəyərində (+49 %) 1 min 638 ədəd (+52 %), Böyük Britaniyadan 25,2 milyon ABŞ dolları dəyərində (+7 dəfə) 246 ədəd (+5 dəfə) hibrid avtomobilləri alıb.
Ötən il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Anqoladan (127 min ABŞ dolları dəyərində 2 ədəd), Amerika Samoasından (23 min ABŞ dolları dəyərində 1 ədəd), Belçikadan (200 min ABŞ dolları dəyərində 5 ədəd), Cənubi Afrikadan (1,1 milyon ABŞ dolları dəyərində 18 ədəd), Hindistandan (113 min ABŞ dolları dəyərində 5 ədəd) və Macarıstandan (40 min ABŞ dolları dəyərində 1 ədəd) tədarük həyata keçirilib.
2022-ci ildə Azərbaycana 15 ölkədən idxal edilmiş 155,4 milyon ABŞ dollarlıq hibrid avtomobillərin 44,3 %-i Yaponiyanın, 21,1 %-i Amerika Birləşmiş Ştatlarının, 20,6 %-i Almaniyanın payına düşüb.