Bu ilin yanvar-iyun aylarında Azərbaycana xarici ölkələrdən 8,8 milyon ABŞ dolları dəyərində 507 ədəd lift və skipli yük qaldırıcı idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 27,6 %, kəmiyyət olaraq – 33 % azdır.
Hesabat dövründə Çindən 6,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 16 % azdır) 355 ədəd (-26 %), Türkiyədən 681 min ABŞ dolları dəyərində (-61 %) 79 ədəd (-59 %), Slovakiyadan 599,3 min ABŞ dolları dəyərində (-34 %) 22 ədəd (-8 %), Tailanddan 397 min ABŞ dolları dəyərində (-57 %) 11 ədəd (-56 %), Koreyadan 212,11 min ABŞ dolları dəyərində (+86 %) 7 ədəd (+17 %) məhsul gətirilib.
Azərbaycan 3 il 3 aylıq fasilənin ardından Bolqarıstandan (37 min ABŞ dolları dəyərində 8 ədəd) tədarükü bərpa edib.