“Anglo-Asian Mining” qızıl külçələrin satışından əldə etdiyi gəlirləri açıqlayıb

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo-Asian Mining Plc” şirkəti bu ilin yanvar-mart aylarında qızıl külçələrinin satışını illik müqayisədə 1,4 dəfə azaldıb.

“Report” şirkətin hesabatına istinadən xəbər verir ki, rüb ərzində qızıl külçələrinin ümumi satışı 3 925 unsiya təşkil edib və 1 unsiyanın orta qiyməti 2 080 ABŞ dolları olub. Ötən ilin eyni dövründə isə 1 unsiyasının orta qiyməti 1 895 ABŞ dolları olmaqla 5 719 unsiya qızıl külçə satılıb.

Hesabat dövründə 71 quru metrik ton mis konsentratın satışından 0,3 milyon ABŞ dolları əldə edilib. Ötən ilin birinci rübündə isə 1 147 quru metrik ton mis konsentratı 2,7 milyon ABŞ dollarına satılıb.

Qeyd edilib ki, 1 unsiyası 2 006,32 ABŞ dolları dəyərində olan 800 unsiya qızıl külçənin martın 31-də satışından aprel ayında 27 min ABŞ dolları gəlir əldə edilib.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.

Digər xəbərlər