Ərzaqlıq Buğda Proqramı torpaq kateqoriyalarının dəyişdirilməsini zəruri edir.
"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) İdarə Heyətinin sədri Yalçın Camalov Bakıda keçirilən "Dövlət-biznes əməkdaşlığı forumu"nda - "İşəgötürənlərin gözləntiləri, dövlət dəstəyi və əməkdaşlıq imkanları" adlı panel müzakirəsində bildirib.
"2023-cü ildən etibarən ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə Ərzaqlıq Buğda Proqramı icra olunur. Fermerlər nazirliyə müraciət edərək proqram çərçivəsində müqavilə bağlayırlar. Bunun nəticəsində dəyirmanlara təhvil verdikləri ərzaqlıq buğdanın hər tonuna görə onlara 100 manat məhsul subsidiyası ödənilir. Bundan əlavə, idxal qiyməti ilə dövlətin tədarük qiyməti arasındakı fərq də məhsul subsidiyasına əlavə olunaraq fermerlərə ödənilir. Ərzaqlıq Buğda Proqramına qoşulmağın şərtlərindən biri əkin sahələrində pivot suvarma sistemlərinin quraşdırılmasıdır. Bu sistemlərin dəyərinin 40 %-ni dövlət fermerin əvəzinə birbaşa təchizatçıya ödəyir. Eyni zamanda, proqrama qoşulmuş fermerlərin elektrik enerjisi və su təminatı üçün müvafiq xətlərin çəkilməsi məqsədilə aidiyyəti qurumlara dövlət büdcəsindən müqavilə əsasında vəsait ayrılır", - deyə o qeyd edib.
"Bəzi hallarda fermerlərin əkin apardıqları torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi zərurəti yaranır. Ərzaqlıq Buğda Proqramına qoşulan fermerlərin bu istiqamətdəki müraciətlərinə Kənd Təsərrüfatı Nazirliyi və Nazirlər Kabineti operativ şəkildə baxır və müvafiq kateqoriya dəyişiklikləri həyata keçirilir", - deyə sədr əlavə edib.