Azərbaycan və ABŞ-nin kənd təsərrüfatı texnikası istehsalçısı olan "John Deere" şirkəti arasında strateji tərəfdaşlıq sazişi hazırlanır.
"Report" Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Məcnun Məmmədov Birləşmiş Ştatlara səfəri çərçivəsində Vaşinqtonda yerləşən ABŞ Ticarət Palatasında - bu ölkənin aparıcı kənd təsərrüfatı şirkətlərinin iştirakı ilə hibrid formatda keçirilmiş dəyirmi masada bildirib.
O qeyd edib ki, nəzərdə tutulan əməkdaşlıq yalnız kənd təsərrüfatı texnikasını deyil, həm də müasir texnologiyaların tətbiqini və bütün dəyər zəncirini əhatə edəcək.
M.Məmmədov tərəfdaşlığın Azərbaycan hökuməti ilə ABŞ şirkətləri arasında əməkdaşlıq nümunəsinə çevrilə biləcəyini, Azərbaycanın aqrar sektorun digər istiqamətləri üzrə də analoji əməkdaşlığa açıq olduğunu deyib.
Tədbirdə Azərbaycan və ABŞ arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi, investisiya imkanları, müasir texnologiyaların və süni intellektin aqrar sektorda tətbiqi müzakirə olunub. ABŞ Ticarət Palatasının Yaxın Şərq, Mərkəzi Asiya və Türkiyə üzrə vitse-prezidenti Cennifer Miel Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanmasını yerli şirkətlərin dəstəklədiyini bildirib. O, Bakıda keçirilən investisiya forumunda ABŞ şirkətlərinin fəal iştirak etdiyini xatırladıb, kənd təsərrüfatının Azərbaycan iqtisadiyyatında strateji sahələrdən biri olduğunu vurğulayıb. C.Miel ABŞ şirkətlərinin müasir texnologiyalar, kənd təsərrüfatı texnikası, məlumatların təhlili, süni intellekt və proqnozlaşdırma sahələrində Azərbaycanın aqrar sektorunun inkişafına töhfə verə biləcəyini qeyd edib.
M.Məmmədov Azərbaycanda aqrar sektorun inkişafı istiqamətində həyata keçirilən islahatlar, dövlət proqramları və qarşıya qoyulan hədəflər barədə məlumat verib. Nazir ekstensiv kənd təsərrüfatından intensiv kənd təsərrüfatına keçidin, daha az resursdan istifadə etməklə daha yüksək əlavə dəyərin yaradılmasının və ölkənin ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinin əsas prioritetlərdən olduğunu bildirib.
Nazir aqrar sektorun dayanıqlı inkişafı üçün müasir infrastrukturun yaradılmasına, innovativ texnologiyaların tətbiqinə, elmi tədqiqatlara və təhsilə xüsusi önəm verildiyini diqqətə çatdırıb. O, Azərbaycanın qabaqcıl beynəlxalq təcrübənin mənimsənilməsində və dünyanın aparıcı şirkətləri ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov təqdimatla çıxış edərək Azərbaycanın aqrar sektorundakı mövcud vəziyyət, əsas inkişaf göstəriciləri, investisiya potensialı və inkişaf perspektivləri barədə məlumat verib.