Nazirlik rəsmisi: Ölkə üzrə 2026–2030-cu illərdə 32 milyondan artıq tingə ehtiyac yaranacaq

Azərbaycanda 2026–2030-cu illər ərzində intensiv meyvə bağlarının salınması üçün 32 milyondan artıq tingə ehtiyac yaranacağı proqnozlaşdırılır.

"Report"un Şimal bürosunun məlumatına görə, bunu Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Qubada keçirilən "Müasir bağçılıq sistemləri: seleksiya, calaqaltı-sort kombinasiyaları və sertifikatlı ting istehsalı" mövzusunda tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Pərviz Yusifov deyib.

O bildirib ki, bu tələbat ölkədə yeni 20 min hektar intensiv meyvə bağının salınmasını nəzərdə tutan "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın hədəflərindən irəli gəlir:

"Mövcud intensiv meyvə bağlarının növ strukturu və superintensiv bağlarda hektara düşən ting sayı nəzərə alınmaqla aparılan hesablamalara əsasən, qarşıdakı illərdə 32 milyondan artıq tingə tələbat formalaşacaq. Bu hədəf ölkədə indiyədək salınmış 50 min hektar intensiv meyvə bağlarının sahəsinin 40 faiz artırılması deməkdir. 20 min hektar yeni bağın salınması üçün yalnız tinglərin sayının deyil, onların sort təmizliyinin, fitosanitar sağlamlığının və sertifikatlı olmasının təmin edilməsi də xüsusi əhəmiyyət daşıyır".

P.Yusifov əlavə edib ki, son illərdə intensiv meyvə bağlarının salınması əkin subsidiyaları, çoxillik dəstək mexanizmləri və müasir suvarma sistemlərinin qurulmasına göstərilən dəstəklə təşviq olunub. Dövlət Proqramı çərçivəsində bu istiqamətdə tədbirlərin davam etdirilməsi, tingçilik sektorunun inkişafı və sertifikatlı əkin materialı təminatının gücləndirilməsi nəzərdə tutulur.

Digər xəbərlər