İlhamə Qədimova: "Qoyunçuluğa subsidiya örüş sahələrində vəziyyəti yaxşılaşdırmaq üçündür"

Azərbaycanda 100 hektar örüş sahəsini icarəyə götürmüş, 500 baş qoyunu olan vətəndaşlar üçün nəzərdə tutulan, hər heyvana görə hesablanan subsidiya həmin örüş sahələrinin vəziyyətini yaxşılaşdırmaq məqsədi daşıyır.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

O qeyd edib ki, nazirlik qoyunçuluqda ekstensiv təsərrüfatçılığı dəstəkləyir: "Bu da örüş sahələrinin yaxşılaşdırılmasının prioritet əhəmiyyətini ortaya qoyur. Aparılan araşdırmalar göstərir ki, illər keçdikcə iqlim dəyişiklikləri nəticəsində örüş sahələrimizin yem ehtiyatları azalıb".

Nazir müavini əlavə edib ki, örüş sahələrinin yaxşılaşdırılmasını həyata keçirəcək təsərrüfat sahibinin ayrılan subsidiya ilə yanaşı, özünün də investisiya yatırması zəruridir: "Bu öhdəliyin kiçik təsərrüfatlardan daha çox iri təsərrüfatların üzərinə qoyulması məntiqli görünür. Məhz bu səbəbdən 100 hektardan artıq torpaq sahəsini icarəyə götürmüş, 500 baş qoyunu olan vətəndaşlarımıza subsidiya verilir".

Digər xəbərlər