Fermerlərin mühasibat uçotuna çəkəcəyi xərc büdcəyə ödəyəcəyi vergidən yüz dəfə çox ola bilər.
"Report" xəbər verir ki, bunu deputat Məşhur Məmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
Onun sözlərinə görə, 2024-2025-ci illərdə Azərbaycanda kənd təsərrüfatı subsidiyalarından təxminən 386 min fermer yararlanıb: "Halbuki torpaq sahələrinin mülkiyyətçilərinin sayı 600 minə yaxındır. Bu məsələdə vergiyə cəlbetmə zamanı əsasən uçot hissəsinin nəzərə alınması bir sıra suallar yaradır. Büdcədə nəzərdə tutulan artımı nəzərə alsaq, 384 min fermeri əsas götürdükdə, hər fermerdən büdcəyə il ərzində təxminən 40 manat vəsaitin cəlb olunması nəzərdə tutulur. Amma bir məqamı da nəzərə almaq lazımdır. Hər hansı kənd təsərrüfatı fəaliyyəti vergi obyektinə çevrilirsə, həmin fəaliyyət üzrə mühasibat uçotunun aparılmasına ehtiyac yaranır. Azərbaycanda minimum əməkhaqqının 400-450 manat olacağını nəzərə alsaq, bir işçinin saxlanılması ilə bağlı illik xərc ən azı 5 500-7 500 manat təşkil edə bilər. Bu isə fermerin büdcəyə ödəyəcəyi 40 manatla müqayisədə yüz dəfələrlə artıq xərc deməkdir. Əgər 380-400 min fermerin hər biri üçün ayrıca mühasib tələb olunduğunu nəzərə alsaq, regionlarda bu qədər mühasib tapmaq belə mümkün deyil", - deyə o qeyd edib.
"Əslində, bu qanunun fermerləri hansı çətin vəziyyətə salacağını və nəzərdə tutulan uçot sisteminin praktikada nə dərəcədə mümkün olacağını özümüz də görürük. Buna baxmayaraq, gələcəkdə icrası ciddi problemlərlə üzləşə biləcək qanunları qəbul edirik. Hesab edirəm ki, burada əyləşən deputatların çoxu da mənimlə razılaşar ki, büdcəyə əlavə 14,5 milyon manat vəsait cəlb etmək naminə fermerlərin mühasibat uçotuna yüz milyonlarla manat əlavə xərc çəkməsinə səbəb olmaq düzgün yanaşma deyil. Bu, həm kənd təsərrüfatı məhsullarının bahalaşmasına, həm də kənd təsərrüfatı ilə məşğul olan insanların əlavə problemlərlə üzləşməsinə gətirib çıxara bilər", - deyə deputat əlavə edib.