Azərbaycanla ABŞ arasında texnologiyaların transferi, ticarət əlaqələrinin genişləndirilməsi, elmi-tədqiqat və innovasiya fəaliyyəti (R&D), institusional və insan kapitalının inkişafı, habelə kənd təsərrüfatı genetikası sahələrində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi perspektivləri müzakirə olunub.
"Report" xəbər verir ki, bu barədə müzakirə kənd təsərrüfatı naziri Məcnun Məmmədovun Birləşmiş Ştatlara səfəri çərçivəsində ABŞ Dövlət Departamentinin İqtisadiyyat, Energetika və Biznes Məsələləri Bürosu üzrə Dövlət katibinin köməkçisinin baş müavini Huqo Yon ilə keçirdiyi görüşdə aparılıb.
Nazir görüş zamanı Azərbaycanın 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan güzəşt və təşviq mexanizmləri, ölkəmizdə formalaşmış əlverişli investisiya mühiti və investisiya imkanları barədə ətraflı məlumat verib.
"Müzakirələr zamanı xüsusilə texnologiyaların transferi, ticarət əlaqələrinin genişləndirilməsi, elmi-tədqiqat və innovasiya fəaliyyəti (R&D), institusional və insan kapitalının inkişafı, habelə kənd təsərrüfatı genetikası sahələrində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini nəzərdən keçirdik.
İnanıram ki, bu görüş Azərbaycan-ABŞ iqtisadi tərəfdaşlığının daha da möhkəmləndirilməsi, institusional əlaqələrin genişləndirilməsi və qarşılıqlı maraq doğuran prioritetlər üzrə konkret əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyacaq", - M. Məmmədov "X" sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib.