Mərkəz: Xəzərdə suiti ölümləri norma daxilindədir

Hazırda Xəzər dənizində suiti ölümləri norma daxilindədir.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev bildirib.

"Bu məsələ Xəzərin Su Bioresursları Komissiyasının iclasında çox geniş müzakirələr olundu. Hər bir ölkə ölüm sayını açıqladı və suiti ölümlərin norma daxilində olduğu göründü. Xəzərdə kifayət qədər suiti populyasiyası var və onlar müxtəlif, o cümlədən təbii səbəblərdən ölə bilərlər. Bunlar, su heyvanıdır, Xəzərdədir və heç bir təbii düşməni yoxdur. Ölüm hallarını Rusiya və Qazaxıstandan olan tərəfdaşlarımız da araşdırır. Xəzər ümumi bir hövzədir və buradakı bütün ekosistem qonşu ölkələrlə koordinasiyalı şəkildə araşdırılır, öyrənilir və məlumat mübadiləsi edilir", - deyə o qeyd edib.

C.Əliyevin sözlərinə görə, suitilərin sayının azalmasında iqlim amilləri üstünlük təşkil edir: "Çünki Xəzərin şimalındakı buzlaqlar azalır. Amma balıqçı torlarına ilişmə halları da var. Amma əsasən ekoloji amillər rol oynayır. Ümumiyyətlə, hazırda dənizin ekoloji durumu çox da ürəkaçan deyil".

Digər xəbərlər