Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

Azərbaycan və Dünya Bankı arasında kənd təsərrüfatının dayanıqlı idarə olunması məsələləri müzakirə edilib.

"Report" xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov "X" sosial şəbəkə hesabında paylaşım edib.

"ABŞ-a səfərimiz çərçivəsində Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Antonella Bassani ilə səmərəli görüş keçirdik. Görüş ərzində "Dayanıqlı və rəqabətqabiliyyətli kənd təsərrüfatının inkişafı və suvarma sistemlərinin modernləşdirilməsi" layihəsinin icra gedişatı, əldə edilmiş nəticələr və gələcək əməkdaşlığın əsas istiqamətləri barədə ətraflı fikir mübadiləsi aparıldı.

Müzakirələr zamanı torpaqların konsolidasiyası və dayanıqlı idarə edilməsi, fermer təsərrüfatlarının bazarlara çıxış imkanlarının artırılması, həmçinin ərzaq təhlükəsizliyinin təmin olunması sahələrində birgə fəaliyyətin inkişaf perspektivləri xüsusi vurğulandı. Bundan əlavə, Dünya Bankının köməkliyi ilə Azərbaycanda regional təlim mərkəzinin qurulması, fermerlərin və onların ailə üzvlərinin bilik və bacarıqlarının yüksəldilməsinə istiqamətlənmiş təşəbbüslərin reallaşdırılması gələcək tərəfdaşlığın perspektivli sahələri olaraq qiymətləndirildi. Əminik ki, Dünya Bankı ilə mövcud əməkdaşlığın daha da dərinləşdirilməsi Azərbaycanın aqrar sektorunun dayanıqlı inkişafına, fermerlərin rəqabət qabiliyyətinin gücləndirilməsinə əhəmiyyətli töhfə verəcək", - deyə nazir bildirib.

Digər xəbərlər