Lazer hamarlaması torpaq sahələrində məhsuldarlığı 40 %-ə yaxın artıra bilər

Azərbaycanda lazer hamarlaması aparılan torpaq sahələrində məhsuldarlıq 35–40 % arta bilər.

"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyinin Dövlət dəstəyi şöbəsinin müdiri Rəşad Fəttahov "Aqronomiya və bitki sağlamlığı: Elmdən təcrübəyə" konfransında bildirib.

Onun sözlərinə görə, lazer hamarlaması aparılmış torpaq sahələrində əkinə görə daha yüksək əmsallarla subsidiya ödənişləri nəzərdə tutulub: "Bu ödənişlərə növbəti ildən başlanılacaq. Lazer hamarlaması dedikdə torpaq səthinin və relyefinin xüsusi texnologiya vasitəsilə hamarlanması nəzərdə tutulur. Bu üsul, ilk növbədə, su sərfiyyatına qənaət edilməsinə və su itkisinin qarşısının alınmasına, toxum və gübrələrin torpaq səthində bərabər paylanmasına imkan yaradır. Bundan əlavə, bununla torpaq sahələrində istifadə olunan aqrotexniki avadanlıq və texniki vasitələrin aşınması azaldılır, onların istismar müddəti uzadılır, yanacaq xərclərinə qənaət etməyə şərait yaradılır".

R.Fəttahov qeyd edib ki, 2026–2027-ci mövsümünü əhatə edən əkinlər üzrə torpaq sahələrində lazer hamarlama üsulundan istifadə olunmasına görə subsidiya məbləğləri fərqləndiriləcək: "İxtisaslaşmış rayonlar, işğaldan azad edilmiş ərazilər və digər rayonlar üzrə bölgüyə baxsaq, hər birində müasir suvarma sisteminin tətbiqi, lazer hamarlama işlərinin aparılması və istifadə olunan toxumun növü nəzərə alınacaq. Belə ki, ixtisaslaşmış rayonlarda müasir suvarma sistemi tətbiq edilən, lazer hamarlama işləri aparılan və superelit toxumdan istifadə olunan torpaq sahələrinin hər hektarına buğda əkini üzrə 1 120 manat dövlət dəstəyi nəzərdə tutulub. Əgər lazer hamarlama işləri aparılmayıbsa, lakin müasir suvarma sistemindən istifadə olunursa, hər hektara 870 manat ödəniləcək. İdxal edilmiş superelit toxumdan istifadə edildiyi halda isə 950 manat subsidiya nəzərdə tutulur. Müasir suvarma sistemi tətbiq edilən, lakin digər toxumlardan istifadə olunan torpaq sahələrinə 600 manat, müasir olmayan suvarma sistemləri ilə təchiz edilmiş və lazer hamarlama işləri aparılmış torpaq sahələrinə isə 450 manat subsidiya ödəniləcək".

O bildirib ki, hər hektara 1 010, 840, 540 və 450 manat məbləğində subsidiya ödənişi həyata keçiriləcək: "Lazer hamarlama üsulu müəyyən xərc tələb edir. Bu, ilkin mərhələdə əlavə xərc kimi görünsə də, uzunmüddətli perspektivdə torpağın qorunması, nəmliyin artırılması, məhsuldarlığın yüksəldilməsi, suya qənaət edilməsi və suvarma xərclərinin azaldılması baxımından olduqca səmərəli üsuldur. Artıq bu üsulun tətbiqinə başlanılıb. Burada əsas şərtlərdən biri də torpaq sahəsinin minimum 5 hektar olmasıdır. Təbii ki, monitorinq prosesləri də həyata keçiriləcək".

Digər xəbərlər