Azərbaycanda buğda istehsal edən fermerlərə gəlir mənbələrinin şaxələndirilməsi məqsədilə münasib şəraitin formalaşdırılması vacibdir.
"Report" xəbər verir ki, bunu Hesablama Palatasının Dövlət gəlirlərinin və iqtisadi sahələrin auditi şöbəsi, baş məsləhətçi Musa Yusibov deyib.
O bildirib ki, ölkədə buğda istehsalçılarına göstərilən dövlət dəstəyinin artırılmasına və müəyyən müsbət nəticələrin əldə olunmasına baxmayaraq, taxılçılıq sektorunda hələ də mövcud olan çətinliklər həll edilməli və bu sahədə həyata keçirilən tədbirlər daha səmərəli xarakter daşımalıdır: "Eyni zamanda, ölkəmizin zəngin torpaq-iqlim potensialı və suvarılan ərazilərinin mövcudluğu nəzərə alınaraq, buğdanın başqa bitkilərlə, xüsusilə tərəvəz, texniki və yem bitkiləri ilə növbəli əkilməsi və gəlir qaynaqlarının şaxələndirilməsi üçün müvafiq şərait formalaşdırılmalıdır. Təsadüfi deyil ki, aqrar-sənaye kompleksinin ən yüksək inkişaf mərhələsi sayılan 1982-1984-cü illərdə Azərbaycanda əkin sahəsinin 37 %-i taxıla (o cümlədən 23 %-i buğdaya), 24 %-i texniki bitkilərə, 6 %-i kartof, tərəvəz və bostan bitkilərinə, 33 %-i isə yem bitkilərinə ayrılmışdı.
Hazırda isə (2025-ci il məlumatlarına əsasən) əkin sahəsinin 61,6 %-i taxılın (o cümlədən 30,5 %-i buğdanın), 7,9 %-i texniki bitkilərin, 7,8 %-i kartof, tərəvəz və bostan bitkilərinin, 22,7 %-i isə yem bitkilərinin payına düşür".