Anar Cəfərov: "Aqrar startap layihələrinin yüzlərlə nümunəsi fermerlərə satılıb"

Aqrar startap layihələrinin yüzlərlə nümunəsi fermerlərə satılıb.

"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov Bakıda keçirilən V Yubiley Aqrar Startaplar və İnnovasiya Forumunda bildirib.

Onun sözlərinə görə, aqrar sahədə ekosistem formalaşmasının əsası "AqroX" startap yarışması ilə qoyulub: "Layihələrin uğuru onların dayanıqlılığı ilə ölçülür və həmin müsabiqənin iki qalib komandası bu gün də fəaliyyətini davam etdirir. Digər layihə isə arılarda varroa gənələrinə qarşı mübarizə aparan innovativ həll olan "Antivarroa"dır. Fermerlərə verilən subsidiya vəsaiti hesabına "TapAqro"platforması üzərindən fermerlərimiz bu avadanlıqdan istifadə edə bilir. Həmin avadanlıq da dövlətin 40 % güzəşt tətbiq etdiyi kənd təsərrüfatı texnikalarının sırasına daxildir. Artıq bu sahədə real istifadəçilərimiz var - vaxtilə startap kimi təqdim olunan layihənin yüzlərlə nümunəsi satılıb, fermerlərə təqdim olunub və geniş şəkildə istifadə edilir".

A.Cəfərov əlavə edib ki, 2020-ci ildə keçirilən "Aqrohakaton" çərçivəsində ilk dəfə müasir istixana kompleksi ərazisində yarışma təşkil olunub və iştirakçılara istixananın idarə olunması üçün ağıllı həllərin hazırlanması tapşırılıb. 2021-ci ildə isə Alman Əməkdaşlıq Təşkilatı ilə birgə "Greenovation", Avropa İttifaqının dəstəyi ilə isə "Agro-Tech Hakaton" keçirilib.

Digər xəbərlər