Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə birlikdə aqrar sahədə yol xəritəsi hazırlayacaq.
"Report" xəbər verir ki, bunu BƏƏ-nin iqlim dəyişikliyi və ətraf mühit naziri Amna bint Abdulla Əl Dahak Əlşəmsi Bakıda keçirilən "Azərbaycan-BƏƏ qida və kənd təsərrüfatı işgüzar dəyirmi masasında bildirib.
Onun sözlərinə görə, BƏƏ dünya miqyasında daha etibarlı qida təchizatı zənciri yaratmaq üçün beynəlxalq əməkdaşlıqların qurulmasını hədəfləyir:
"Bu əməkdaşlığın nəticəsi olaraq, İxracın və İnvestisiyaların Təşviqi Agentliyindəki (AZPROMO) həmkarlarımızla birlikdə "yol xəritəsi" hazırlamaq niyyətindəyik. Bu strukturlaşdırılmış yanaşma bizə bugünkü söhbətlərimizin yaxın gələcəkdə real tətbiqinə imkan verəcək. Biz bu müzakirələrin həm hökumətlərarası (G2G), həm də bizneslər arası (B2B) əməkdaşlığı gücləndirəcəyinə əminik".
Nazir vurğulayıb ki, Azərbaycanla davam edən ikitərəfli münasibətlər hər iki ölkənin güclü tərəflərindən istifadə edərək qida təhlükəsizliyini artırmaq və uzunmüddətli, bəhrəli tərəfdaşlıq yaratmaq üçün mühüm əhəmiyyət kəsb edir.
Fatimə Bağırova