Günəş tutulması hadisəsi başlayıb

Günəş tutulması hadisəsi başlayıb Azərbaycanda bu hadisəni saat 13:46-dan başlayaraq maksimum 1,5 saat müşahidə etmək mümkün olacaq
Elm və təhsil
20 Mart , 2015 11:45
Günəş tutulması hadisəsi başlayıb

Bakı. 20 mart. REPORT.AZ/ Bu dəqiqələrdə 2015-ci ilin ilk Günəş tutulması hadisəsi başlayıb. Azərbaycan ərazisində Günəş tutulması hadisəsi qismən müşahidə ediləcək. Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov deyib.

Onun sözlərinə görə, Günəş tutulması Azərbaycanda təxminən 1-1,5 saat ərzində müşahidə olunacaq: "Hazırda Bakı ərazisində hava buludludur, əgər belə davam etsə, bu təbiət hadisəsini müşahidə etmək mümkün olmayacaq. Duman çəkilsə təbii ki, müşahidə olunacaq".

X.Mikayılov bildirib ki, Azərbaycanda Ay Günəşin qarşısını şimal-qərb tərəfdən gələrək kəsəcək və elə eyni tərəfdən də çıxacaq: "Azərbaycan ərazisində Günəşin qarşısı 25-30% kəsiləcək. Hadisənin müşahidə olunması təxminən saat 13:46-da başlayacaq".

Direktor müavininin sözlərinə görə, Günəş tutulmasına baxmaq üçün xüsusi eynəklərlərdən istifadə edilməlidir.

Qeyd edək ki, ümumiyyətlə Günəş tutulması martın 20-də Bakı vaxtı ilə saat 11:40-da başlayıb. Saat 15:48-də başa çatacaq təbiət hadisəsi Şimali Afrika, Şimali Asiya və Avropa ölkələrində də qismən müşahidə olunsa da, İslandiyada, Atlantik okeanının şimal hissəsində və Şimal Buzlu Okeanı hövzəsindən tutulma tam görüləcək.

Son xəbərlər

Orphus sistemi