Azərbaycanın bölgədə sülh, sabitlik və inkişafı təmin etmək, ərazi bütövlüyü və suverenlik kimi beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında Ermənistanla münasibətləri normallaşdırmaq səyləri qarşılığında, Fransa tərəfi bu kimi birtərəfli mövqe sərgiləməklə, prosesə maneçilik cəhdlərinə şərait yaratmamalıdır.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə Azərbaycanın sərhəd nəzarət-buraxılış məntəqəsi təsis etməsi ilə əlaqədar Fransanın Avropa və xarici işlər nazirliyinin mətbuat katibi Ann-Kler Lejandrın əsassız bəyanatına dair şərhində deyib.
Vurğulanıb ki, 23 aprel 2023-cü il tarixində Azərbaycan tərəfinin Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsinin təsis etməsi tədbiri ilə əlaqədar Ann-Kler Lejandr tərəfindən verilmiş bəyanat tamamilə əsassızdır.