Aprelin 1-də Xarici İşlər Nazirliyində Azərbaycan və Çin arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib.
XİN-dən "Report"a verilən məlumata görə, tədbirdə Azərbaycan XİN-in rəhbər heyəti, Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Çinin Azərbaycandakı Səfirliyinin rəhbərliyi və əməkdaşları, Bakı Dövlət Universiteti və Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun rəhbərliyi və nümayəndələri, habelə Azərbaycanda fəaliyyət göstərən şirkətlərin təmsilçiləri iştirak edib.
Tədbir hər iki ölkənin dövlət himnlərinin səslənməsi ilə başlayıb.
Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov iki ölkə arasında diplomatik əlaqələrin əsasının qoyulmasından etibarən münasibətlərimizin qarşılıqlı hörmətə, etimada, dostluğa əsaslanaraq xalqlarımızın mənafelərinə uyğun şəkildə inkişaf etdiyini bildirib. Nazir müavini, iki ölkə arasında yalnız ikitərəfli münasibətlər kontekstində deyil, eyni zamanda çoxtərəfli platformalarda da səmərəli əməkdaşlığın mövcud olduğunu qeyd edib. Azərbaycan və Çin arasında yüksələn xətt üzrə inkişaf edən iqtisadi əlaqələrinin olduğunu vurğulayan E.Məmmədov Çin şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində investisiya layihələrində iştirakının iqtisadi əməkdaşlığın daha da inkişafı üçün əsas meyar olacağını ifadə edib.
Çinin Azərbaycandakı səfiri xanım Qo Min diplomatik münasibətlərin qurulmasından keçən 30 il ərzində beynəlxalq vəziyyətin dəyişməsindən asılı olmayaraq ölkələrimizin hər zaman qarşılıqlı şəkildə bir-birilərini dəstəklədiyini, bir-birinin suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşdığını bildirib. Səfir Çin və Azərbaycan arasında bir çox sahələrdə, o cümlədən iqtisadiyyat, ticarət, nəqliyyat, enerji, rabitə, təhsil, mədəniyyət, incəsənət sahələrində əməkdaşlığın mövcudluğunu məmnunluqla qeyd edərək iki ölkənin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində də səmərəli əməkdaşlıq etdiyini vurğulayıb. Qo Min həmçinin iki ölkənin qlobal COVID-19 pandemiyası dövründə də bir-birilərinə qarşılıqlı yardım və dəstək göstərməsinin ölkələrimiz arasındakı dostluğun bariz nümunəsi olduğunu bildirib.
Tədbirin sonunda iştirakçılar Azərbaycan və Çin arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.
Xarici İşlər Nazirliyində Azərbaycan və Çin arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbir başlayıb.
“Report” xəbər verir ki, bu barədə XİN tviterdə məlumat yayıb.