XİN rəsmisi: “Azərbaycan Suriya qaçqınlarına göstərilən humanitar yardım səylərinə töhfə verməyə çalışır"

XİN rəsmisi: “Azərbaycan Suriya qaçqınlarına göstərilən humanitar yardım səylərinə töhfə verməyə çalışır" Hikmət Hacıyev: "Humanitar fəlakətin uşaq, qadın və yaşlı insanlara mənfi fəsadlarını aradan qaldırmaq üçün atəşkəs təmin edilməlidir"
Xarici siyasət
2 Dekabr , 2016 16:50
XİN rəsmisi: “Azərbaycan Suriya qaçqınlarına göstərilən humanitar yardım səylərinə töhfə verməyə çalışır

Bakı. 2 dekabr. REPORT.AZ/ "Azərbaycan Suriya böhranı ilə əlaqədar mövqeyini dəfələrlə bəyan edib".

Bunu "Report"a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətin rəhbəri Hikmət Hacıyev Rusiyanın "Nezavisimaya Qazeta"da Azərbaycanın və bir sıra MDB ölkələrinin Suriyada sülhməramlı koalisiyaya qoşula biləcəyi barədə yer almış məlumatı şərh edərkən deyib.

XİN rəsmisi bildirib ki, ilk növbədə humanitar fəlakətin uşaq, qadın və yaşlı insanlara mənfi fəsadlarını aradan qaldırmaq üçün atəşkəs təmin edilməlidir: "Bundan sonra böhranın siyasi həllini təmin etmək üçün bütün Suriya xalqının iradəsinə uyğun olaraq inkluziv siyasi proses başlamalıdır. Suriyanın ərazi bütövlüyü və siyasi vahidliyi təmin olunmalıdır".

Onun sözlərinə görə, Azərbaycanın Suriyadakı sülhməramlı koalisiyaya qoşulacağı haqqında məlumatlar həqiqəti əks etdirmir.

"Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı nəticəsində İkinci Dünya müharibəsindən sonra Avropanın ən böyük humanitar fəlakəti ilə üzləşən Azərbaycan Suriya qaçqınlarının humanitar problemlərini yaxından anlayır. Azərbaycan BMT və onun aidiyyəti ixtisaslaşmış təşkilatları vasitəsilə Suriya qaçqınlarına göstərilən humanitar yardım səylərinə öz töhfəsini verməyə çalışır" - Azərbaycan XİN-in rəsmisi bildirib.

Son xəbərlər

Orphus sistemi