XİN başçısı: "Gürcüstan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir"

XİN başçısı: "Gürcüstan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir" Mixeil Canelidze: "Azərbaycan ilə möhkəm əlaqələr qurduğumuza görə fəxr edirik"
Xarici siyasət
13 Fevral , 2017 13:46
XİN başçısı: Gürcüstan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir

Bakı. 13 fevral. REPORT.AZ/ "Azərbaycan və Gürcüstan arasında strateji dostluq əlaqələri var".

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov gürcüstanlı həmkarı Mixeil Canelidze ilə görüşdən sonra Bakıda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, görüşdə iqtisadi və nəqliyyat layihələri də müzakirə edilib. Nazir Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinin bu il başa çatacağına əminliyini ifadə edib.

"Eyni zamanda, bu ilin altı ayı ərzində Azərbaycan-Türkiyə-Gürcüstan formatında nazirlərin görüşünün təşkil edilməsi məsələsini müzakirə etdik" - E.Məmmədyarov bildirib.

Azərbaycanlı nazirin sözlərinə görə, tərəflər həm də regional münaqişələri müzakirə ediblər: "Beynəlxalq meydanlarda Azərbaycan Gürcüstanın, Gürcüstan da Azərbaycanın mövqeyini dəstəkləyir".

E.Məmmədyarov həmkarı ilə görüşdə GUAM-ın fəaliyyətinin intensivləşdirilməsi məsələsinin müzakirə olunduğunu əlavə edib.

M.Canelidze isə Azərbaycanla strateji əlaqələrin mövcudluğunu vurğulayıb: "Diplomatik əlaqələrin qurulmasının 25 illiyini qeyd edirik. Azərbaycan ilə möhkəm əlaqələr qurduğumuza görə fəxr edirik".

Gürcüstanlı nazir bu münasibətlərin inkişafının regionda sabitlik yaratmağa töhfə verəcəyinə ümidvar olduğunu bildirib: "Ticarət dövriyyəsinin göstəricisi ötən il heç də müsbət olmayıb. Çünki regionda böhran müşahidə olunur. Amma potensialımızdan maksimum istifadə etmək barədə razılığa gəlmişik".

Eyni zamanda, Gürcüstanın XİN başçısı Azərbaycandan Gürcüstana qoyulan sərmayənin həcminin və turist axınının artdığını bildirib.

M.Canelidze hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini xüsusi qeyd edib. O, həmçinin Avropa İttifaqı ilə strateji əməkdaşlıq barədə saziş üzrə danışıqlara başlaması münasibətilə Azərbaycanı təbrik edib.

Son xəbərlər

Orphus sistemi