"Təəssüflər olsun ki, Rusiya nüvə silahı istisna olmaqla hərbi potensialının bütün imkanlarından istifadə edərək Ukraynanı yerlə-yeksan etməkdədir. Rusiya tərəfindən rəsmi şəkildə yalnız hərbi obyektlərin vurulması ilə deyilən fikirlərin həqiqətlə heç bir əlaqəsi yoxdur".
Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Fəzail Ağamalı deyib.
Onun sözlərinə görə, Rusiya tərəfindən təkcə hərbi obyektlər deyil, uşaq bağçaları, məktəblər və yaşayış binaları da darmadağın edilir: "Mülki əhali içərisində də çoxlu sayda itkilər var. Hətta onların içərisində heç bir günahı olmayan uşaqlar da yer alır. Dünyanın çağırışları, hətta Rusiyada bu müharibəyə göstərilən etirazlar Kremlin görünməz təcavüzünün qarşısını almaqda acizdir. Ukrayna faktiki olaraq Suriyadan daha ağır duruma salınmaqdadır. Bu gün Ukrayna suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda ədalətli müharibənin içərisindədir. Ukrayna uğrunda Qərblə Rusiya arasında gedən döyüşlər Ukraynanı və xalqını olduqca ağır duruma salıb və bu, çox təəssüf doğurur. Bütün bunlara isə biganə qalmaq mümkün deyil. Artıq 12 gündür ki, qəhrəman Ukrayna xalqı müqavimət göstərir. Hər kəs bunu qəbul etməlidir ki, istənilən ordu özündən zəifə qalib gəlmək imkanına malikdir. Ancaq heç bir dünya səviyyəli ordu istənilən xalqın iradəsini qıraraq onu əbədi olaraq özünə tabe etdirə bilməz. Tarix bunları inkar edir".
Deputat Rusiya raketlərinin Xarkova yağış kimi yağdırılmasının Azərbaycanın fəxri konsulluğunun binasını da zərbə altına qoymasından təəssüfləndiyini bildirib: "Nəticədə orada dağıntılar baş verib. Xoşbəxtlikdən soydaşlarımız arasında itkiyə yol verilməyib. Beynəlxalq hüququn bütün norma və prinsiplərində belə hal qətiyyən yolverilməzdir. Çünki həmin ərazi müharibə etməyən bir ölkənin, yəni Azərbaycanın ərazisi hesab olunur. Bu həm də Azərbaycanın ərazisinə edilən təcavüz kimi də qiymətləndirilməlidir. Azərbaycan dövləti kifayət qədər təmkinli və müdrik mövqe nümayiş etdirməkdədir. Eyni zamanda Azərbaycan xalqı Rusiyanın Ukraynaya təcavüzündən doğan humanitar böhranın aradan qaldırılmasında bütün dünya xalqları ilə birgə səylərini ortaya qoyur, bu müharibəyə yox deyir. Tezliklə bu müharibə dayanmalıdır. Kreml və onun hərbi-siyasi rəhbərliyi Ukrayna xalqının qırğınına son qoymalıdır. Rusiya tərəfi bütün dünyada bu müharibəyə yox deyən insanların səsini eşitməlidir və Ukrayna rəhbərliyi ilə bir masa arxasında oturub problemləri dinc yolla həll etmək üçün iradəsini ortaya qoymalıdır. Əgər bu olmazsa, Ukrayna ilə bərabər Rusiya da itkilərlə üzləşəcək və özünün də dövlətçiliyi ciddi təhlükə altında qalacaq".
Milli Məclisin deputatı Ceyhun Məmmədov isə xatırladıb ki, Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki Fəxri Konsulluğunun binası əraziyə endirilən hava zərbələri nəticəsində ciddi dağıntılara məruz qalıb: "Həmçinin konsulluğun əməkdaşının avtomobili yararsız hala düşüb. Beynəlxalq hüquqa görə konsulluğun binasının yerləşdiyi ərazi Azərbaycan mülkiyyəti hesab edilir. Binanın hava zərbəsinə məruz qalması anlaşılan deyil. Çünki bina hərbi obyekt deyil. Burada konsulluq fəaliyyət göstərirdi. Bu hücum beynəlxalq hüququn kobud pozulması və təcavüz kimi qiymətləndirilməlidir. Bu cinayəti törədənlər mütləq hesabat verməlidirlər. Azərbaycan tərəfi bu cinayəti törədənlərdən izahat gözləyir".