Slovakiyanın Baş naziri Robert Fitsonun mayın 7-də Prezident İlham Əliyev ilə mətbuata bəyanatında dövlət başçımız haqqında səsləndirdiyi fikirlər onu göstərir ki, Azərbaycan son illər beynəlxalq hüquqa hörmətlə yanaşaraq, bununla birlikdə özünün siyasi, iqtisadi inkişaf yolunda qətiyyətlə addımlayır.
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.
O bildirib ki, R.Fitsonun fikirləri Azərbaycan Prezidentinin siyasətinə və şəxsiyyətinə ölkə xaricindən verilən dəyərdir:
"44 günlük Vətən Müharibəsində Azərbaycanın torpaqlarını işğaldan azad etməsi ölkənin beynəlxalq nüfuzuna da ciddi təsir edib. Xarici siyasətdə ölkəmizin əldə etdiyi uğurlar, regionda söz sahibinə çevrilməyimiz Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi oldu. Vətən Müharibəsi dönəmində və bundan sonra ölkə başçısının beynəlxalq media nümayəndələrinə verdiyi müsahibələr, toxunduğu vacib məqamlar dünya mətbuatında böyük əks-sədaya səbəb oldu".
V.Əhmədovun sözlərinə görə, slovakiyalı nazir Azərbaycan liderinin beynəlxalq hüquqa yanaşmasına xüsusi diqqət çəkib:
"Azərbaycan Prezidenti hər zaman ölkəmizin beynəlxalq hüququn prinsiplərinə tam hörmət etdiyini vurğulayıb, bütün addımlarımızı bu çərçivədə atdığımızı qeyd edib. Hazırda Cənubi Qafqazda söz sahibi olmaq uğrunda dünya gücləri arasında ciddi mübarizə gedir. Lakin Azərbaycan dövlət başçısının tutduğu yol, apardığı xarici siyasət ölkəmizi bu məsələlərdə baş verə biləcək təhlükələrdən sığortalayır".
Deputat qeyd edib ki, R.Fitson da daxil olmaqla son illərdə əksər xarici dövlət və hökumət başçıları Prezident İlham Əliyevin liderliyini, siyasətini, gördüyü işləri tərənnüm edirlər, onun praqmatik addımlarını öz ölkələrində tətbiq edəcəklərini bəyan edirlər.
Azərbaycanın həm də beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etdiyini xatırladan V.Əhmədov əlavə edib ki, ölkəmiz həm də gündəmdə olan qlobal məsələlərə operativ yanaşması ilə diqqət çəkir:
"Bakı bu il daha bir böyük tədbirə - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. Bütün bunları göz önünə gətirdikdə bir daha əmin oluruq ki, ölkə başçısının dünya siyasətində tutduğu mövqe onun ideyalarının qlobal aləmdə qəbul olunmasına, siyasətinin dəstəklənməsinə səbəb olur. Buna görə dövlət başçıları onun siyasətini öz ölkələrində tətbiq etmək istəyirlər".