Azərbaycan 2020-ci ildən 140-dan çox ölkəyə 330 milyon ABŞ dolları məbləğində humanitar, iqtisadi və texniki yardım göstərib.
“Report” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının Ümumi Müzakirəsində “Heç kimi geridə qoymayaq: indiki və gələcək nəsillər üçün sülhün, davamlı inkişafın və insan ləyaqətinin inkişafı naminə birgə hərəkət etmək” mövzusunda çıxış edərkən deyib.
XİN rəhbəri qeyd edib ki, Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi altında çoxtərəfli münasibətlərin təhrif olunduğu dövrdə beynəlxalq həmrəyliyin gücləndirilməsi və qlobal çağırışlara kollektiv cavabın aktivləşdirilməsi üçün qətiyyətli addımlar atılıb.
“Heç kimi geridə qoymayaq” nəcib çağırışını rəhbər tutaraq Azərbaycan, ehtiyacı olan inkişaf etməkdə olan ölkələrə dəstəyini davam etdirir. Biz 2020-ci ildən 140-dan çox ölkəyə 330 milyon ABŞ dolları məbləğində humanitar, iqtisadi və texniki yardım göstərmişik”, – ölkənin baş diplomatı vurğulayıb.